BMW Group zavodunda ilk dəfə humanoid robotları işə salacaq
BMW Group istehsal prosesinin avtomatlaşdırılmasında yeni mərhələyə keçməyə hazırlaşır. Şirkət ilk dəfə olaraq Almaniyadakı zavodlarından birində humanoid robotları istehsal xəttinə inteqrasiya etməyi planlaşdırır. Layihənin əsas məqsədi süni intellekti fiziki robot sistemləri ilə birləşdirməkdir.
Pilot proqram Leipzig şəhərində yerləşən BMW zavodunda start götürəcək. Burada robotlar Physical AI konsepsiyasının bir hissəsi kimi fəaliyyət göstərəcək.
Bu yanaşma çərçivəsində şirkət rəqəmsal süni intellekt agentlərindən və fiziki humanoid robotlardan birgə istifadə etməyi planlaşdırır. Sistemlər avtomobillərin seriyalı istehsalına inteqrasiya ediləcək, həmçinin batareya və müxtəlif komponentlərin yığılması prosesində sınaqdan keçiriləcək.
Oxşar texnologiya daha əvvəl BMW-nin Spartanburg şəhərində yerləşən zavodunda tətbiq olunub. Sistem vahid IT platformasına və standartlaşdırılmış məlumat modelinə əsaslanır. Bu da AI agentlərinə bəzi qərarları müstəqil şəkildə qəbul etməyə imkan verir.
BMW nümayəndələri vurğulayır ki, humanoid robotların məqsədi işçiləri əvəz etmək deyil. Onlar mövcud avtomatlaşdırma sistemlərini tamamlayaraq istehsal prosesini daha effektiv etməli, eyni zamanda iş şəraitini yaxşılaşdırmalıdır.
Şirkət hesab edir ki, süni intellekt və robot texnologiyalarının birləşməsi gələcək avtomobil istehsalında rəqabət qabiliyyətini qorumaq üçün əsas amillərdən birinə çevriləcək.
The post BMW Group zavodunda ilk dəfə humanoid robotları işə salacaq appeared first on InfoCity.
