“Komandalar Neftçi`yə qarşı mübarizədə daha stimullu olurlar” – Müsahibə
Neftçi`nin baş məşqçisi Samir Abasovun klub telekanalına verdiyi müsahibəni təqdim edirik:
– Komandanın hazırlıq prosesi necə gedir?
– Hazırlıq plan üzrə gedir. Qarşıdakı oyuna – Sabah`la matça hazırlaşırıq. Harramiz Soaresdən başqa hamı yerindədir, digərlərinin zədəsi yoxdur. Şükürlər olsun, hər şey yaxşıdır. Sabah`la oyun maraqlı olacaq. Biz də uduzmaq istəmirik, rəqib də. Sabah`la əvvəlki qarşılaşmalarımız həmişə maraqlı alınıb. Rəqibimizin hələ qələbəsi yoxdur. Ona görə də 3 xal üçün əllərindən gələni edəcəklər. Həm də bütün komandalar Neftçi`yə qarşı mübarizə aparanda daha stimullu olur. Biz də buna hazırıq. Əsas odur ki, heyətimiz tamdır və futbolçularda hər şey qaydasındadır. Ən yaxşı şəkildə hazır olanlar Sabah`la matçda meydana çıxacaq.
– Harramiz Soares nə vaxtdan etibarən komandaya qoşulacaq? Keşlə ilə oyunda ilk hissənin sonlarında əvəzlədiyiniz Cesar Meza Colli`nin vəziyyəti necədir?
– Meza Colli`nin vəziyyəti yaxşıdır. Komanda ilə məşq edir. O, həddindən artıq həvəslidir. Harramiz Soaresə gəldikdə isə iki gündən sonra, bəlkə də sabah bizə qoşulacaq.
– Görürük ki, oyunların gedişatında yeni transferlərin xidmətindən yararlanırsınız. Bəs, tam 90 dəqiqə ərzində oynamağa hazır olan varmı?
– Deməzdim ki, hamı tam hazırdır. Bəzən oyunun hesabı futbolçulara şans verməyimizə kömək edir. Bizim məşq üçün də uzun müddətimiz, bir neçə həftəmiz yoxdur ki, yeni transferləri tam formaya salaq. Futbolçuları çox yükləmək yox, oyunlarda forma yığmalarını istəyirik. Onlar 90 dəqiqə meydanda olmağa hazır deyillər. Məşqdən çox görüşlər formaya düşməyə kömək edir. Çalışacağıq ki, yeni futbolçulara çox şans verək. Hamısı peşəkar futbolçulardır, özləri də məşqlərdə və qarşılaşmalarda çox çalışırlar. Bu da xoş haldır. Tezliklə formaya düşəcəklərinə inanıram.
– Sabah klubu ötən tur çempionatda yeni mövsümdəki ilk qolunu vurdu. Komandanın futbolçusu Elvin Camalov bildirmişdi ki, bu qol bizə Neftçi ilə matç üçün motivasiya verəcək.
– Biz təzyiqə hazırıq. Rəqibdə hansı problemlərin baş verməsinin bizə aidiyyatı yoxdur. Qələbə üçün meydana çıxacağıq. Gərginlik olacağını gözləyirik. Meydandan kənardakı gərginliklərin içində olmaq istəmirik. Bu, ötən mövsüm başımıza gəlmişdi. Təmiz və ədalətli oyunla qalib gəlmək niyyətindəyik.
– Samir Abasov indiki durumda beynində start “11-liy”i müəyyənləşdirib. Yoxsa hələ bunun üçün zamana ehtiyac var?
-Oyunadək çox şey baş verə bilər. 6+5 limitinə əsasən heyəti qururuq. Kimsə sıradan çıxsa, zədələnsə, sistemi dəyişə bilərik. Amma beynimizdə start heyəti qurmuşuq. Bunun üzərində çalışırıq. Əsas odur ki, bu matça tam hazırıq.
(qol.az)